Finss.az xəbər verir ki, Ağ Evin iqtisadi müşaviri Kevin Hassett CNBC-yə açıqlamasında bildirib ki, ABŞ hökumətinin Intel Corp-da pay alması planı suveren sərvət fondu yaratmaq və digər şirkətlərə investisiya qoymaq məqsədli daha geniş strategiyanın bir hissəsidir.
Intel avqustun 22-də açıqlayıb ki, ABŞ hökuməti şirkətin 433,3 milyon səhmini 20,47 dollardan alacaq və nəticədə Intel-də 10% pay sahibi olacaq. Bu investisiya Çiplər Qanunu çərçivəsində hələ əldə olunmamış vəsaitlər və digər dövlət proqramları vasitəsilə maliyyələşdiriləcək.
Kevin Hassett bazar ertəsi bildirib ki, hökumət Intel-in gündəlik əməliyyatlarında iştirak etməyəcək. “Bu, Çiplər Qanunu çərçivəsində xüsusi bir haldır. Prezident Donald Tramp seçki kampaniyası zamanı ABŞ-da suveren sərvət fondunun yaradılmasının vacib olduğunu vurğulamışdı. Gələcəkdə başqa sahələrdə də oxşar investisiyalara rast gələ bilərik”, – deyə Hassett əlavə edib.